2020-ci ildə Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 387,3 milyon manat təşkil edib. Bu barədə DVX-nin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli məlumat verib.
"Koronavirus pandemiyası vergi yığımlarına da təsir göstərib. Belə ki, ötən il dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 387,3 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 3,7% azdır. Bununla yanaşı, dövlət büdcəsinə daxilolmalar üzrə plan 2,7% artıqlaması ilə yerinə yetirilib", - deyə Nəzərli bu gün onlayn formatda keçirilən “Postpandemiya dövründə vergi sistemi” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmaları 2020-ci ildə ölkə üzrə ÜDM-in 10,2%-ni təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz bəndi çoxdur.
"Qeyri-neft sektoru xətti ilə vergi daxilolmaları 5 milyard 608,7 milyon manat təşkil edib, bu isə 2019-cu illə müqayisədə 3,2% çoxdur. 2020-ci ildə ümumi həcmdə bu daxilolmaların payı 75,9% (2019-cu ildə 70,8%) olub. Ümumilikdə, qeyri-neft sektoru üzrə vergi daxilolmaları dövlət büdcəsinin ümumi qeyri-neft gəlirlərinin 52,6%-ni təşkil edib", - deyə O.Nəzərli əlavə edib.*
Ə.Məmmədov