Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı texniki məsləhətləşmələr aparıb.
"Fevralın 10-da “Rosselxoznadzor” AQTA nümayəndələri ilə videokonfrans formatında danışıqlar aparıb. Bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçid haqqında protokol layihəsinin nəzərdən keçirilməsi məsləhətləşmələrin əsas mövzusu olub", - deyə “Rosselxoznadzor”un məlumatında bildirir.
Tərəflər, həmçinin elektron fitosanitar sertifikatlarının mübadiləsinə keçid çərçivəsində gələcək tədbirləri də müzakirə ediblər.
“Hazırda protokolun layihəsi Rusiya tərəfində daxili təsdiq prosedurlarından keçir. Daha sonra sənəd Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycana göndəriləcək”, - deyə məlumatda qeyd olunur.
Tərəflər informasiya sistemlərinin inteqrasiyasının effektivliyini və əhəmiyyətini qəbul edib, texniki mütəxəssislər səviyyəsində məsləhətləşmələrin davam etdirilməsinə dair razılığa gəliblər.*
B.Rüstəmbəyov