2020-ci ildə Azərbaycanla RF arasında qarşılıqlı ərzaq ticarəti $1,3 milyard təşkil edib. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.
“2019-cu illə müqayisədə ərzaq ticarət dövriyyəsi 6% artıb. Eyni zamanda, 5 il ərzində ticarət dövriyyəsinin həcmi təxminən 1,5 dəfə artıb”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə nazirlik qeyd edir.
Nazirlikdən bildirilir ki, Moskvada keçirilən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya işçi qrupunun iclasının müzakirə mövzusu ASK sahəsində ikitərəfli münasibətlərin gələcək inkişafı olub.
Tədbir Azərbaycan və Rusiyanın kənd təsərrüfatı nazirlərinin müavinləri və işçi qrupunun həmsədləri Elçin Zeynalov və Sergey Levinin sədrliyi ilə keçirilib.
“Görüş zamanı tərəflər ASK sahəsində ticarətin inkişafı, baytarlıq və fitosanitar nəzarət sahəsində əməkdaşlıq, investisiya layihələrinin reallaşdırılması, o cümlədən bitki növlərinin qeydiyyatı sahəsində qarşılıqlı əlaqə və sınaqların keçirilməsi məsələlərini müzakirə ediblər”, - RF KTN məlumat verir.
“Həmçinin Azərbaycandan alma və pomidor idxalının təhlükəsizliyinin təminatına diqqət ayrılıb. Hazırda əksər müəssisələrdən bu məhsulların idxalına icazə verilib, iki ölkənin aidiyyəti idarələrinin bu istiqamətdə fəaliyyəti davam edir”, - məlumatda qeyd olunur.
Azərbaycan Rusiyadan aqrar malların ən iri alıcılarının onluğuna daxildir. 2020-ci ildə Rusiyadan ASK məhsullarının ixrac həcmi 12% artaraq $698 milyona çatıb.
Görüş zamanı Levin məlumat verib ki, Azərbaycan bazarında mövqelərinin möhkəmlənməsi məqsədilə 2021-ci ilin sonunadək Rusiya KTN-nin səlahiyyətli nümayəndəsi ölkəmizə göndəriləcək. **
B.Rüstəmbəyov