Azərbaycanda peşə təhsili mərkəzlərinin sayının 50-dək artırılması planlaşdırılır. Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.
“Son iki ildə görülən işlər nəticəsində peşə təhsili müəssisələrinin sayı 35-ə qədər artıb. O cümlədən Avropa Komissiyasının layihəsinin reallaşdırılması hesabına onların sayı 50-dək artacaq, növbəti illərdə biz daha çox mərkəz açmağı planlaşdırırıq", - deyə Əmrullayev bu gün “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin təqdimatında bildirib.
Nazir, həmçinin qeyd edib ki, hazırda Bərdə və Cəlilabad rayonlarında peşə təhsili mərkəzlərinin tikintisi işlərinə başlanılıb, Bakı və Lənkəranda yeni mərkəzlərin təməli qoyulub, Sumqayıt və Mingəçevirdə isə layihələndirmə işləri aparılır.
BMT-nin İnkişaf Proqramı layihəsinin rəhbəri Eltəkin Ömərov isə öz növbəsində, qeyd edib ki, Avropa Komissiyasının Azərbaycanda peşə mərkəzlərinin yaradılması üzrə dördillik layihəsi çərçivəsində gənclərin, eləcə də məhdud imkanlı şəxslərin cəlb edilməsi planlaşdırılır.
Onun sözlərinə görə, layihə turizm, xidmət və kənd təsərrüfatı sektoru üzrə 7 peşə təhsili mərkəzini əhatə edir ki, onlardan dördü Bakıda, qalan üçü isə Gəncə, Şəki və Cəlilabadda yerləşir.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, 5,6 milyon avro dəyərində olan layihə 4 illik olmaqla 2024-cü ilin avqust ayınadək nəzərdə tutulub. Vəsait innovasiya texnologiyalarının tətbiqinə, mərkəzlərin infrastrukturunun, avadanlıqlarının yenilənməsinə, eləcə də onların şəbəkəsinin yaradılmasına yönəldiləcək.*
X.Nəsirzadə