ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqların yekunları üzrə birgə bəyanat yayıblar.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ara Ayvazyan ilə videokonfrans formatında ayrı-ayrılıqda görüş keçiriblər”.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (PRCiO) Anjey Kaspşik də danışıqlarda iştirak edib.
“Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar”, - deyə bəyanatda qeyd olunur.*
R.Əhmədov