“Kapital Bank” ASC-nin səhmdarları aprelin 1-də keçiriləcək növbəti ümumi yığıncaqda 2020-ci ilin yekunları üzrə dividend ödənilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
“Aprelin 1-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncaqda 2020-ci ilin yekunları üzrə dividend ödənilməsi ilə bağlı məsələlər müzakirə olunacaq”, - “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Bundan başqa, səhmdarlar ötən ilin yekunlarına dair maliyyə hesabatını təsdiq etmək və bir sıra digər əsələləri müzakirə etmək, xüsusilə 2021-2023-cü illər üçün strateji planının layihəsini müzakirə etmək niyyətindədirlər.
Xəbər verildiyi kimi, 2020-ci ili “Kapital Bank” 302 milyon 698 min manat məbləğində mənfəətlə başa vurub.
Öncə bankdan qeyd olunub ki, pandemiya olduğuna baxmayaraq, 2020-ci ilin may-sentyabr aylarına əsasən səhmdarlara ümumilikdə 112 milyon manat dividend ödəyib. Bu məbləğin 6 milyonu imtiyazlı səhmlərin üzərinə düşür.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%). Bankın nizamnamə kapitalı 245,8 milyon manata bərabərdir.**
Ə.Məmmədov