2021-ci ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artaraq 2 milyard 369 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Operativ məlumatlara əsasən, yanvarda elektrik enerjisinin istehsalı İES-lərdə 2 milyard 260 milyon kVt·st (artım 0,3%), SES-lərdə 78,9 milyon kVt·st (artım 20,8%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Yanvarda alternativ mənbələr üzrə elektrik enerjisinin istehsalı 30,19 milyon kVt·st (artım 2%) olub. Xüsusilə, külək elektrik stansiyalarında 9,39 milyon kVt·st, günəş elektrik stansiyalarında 2,1 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 18,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 milyard 142,76 milyon kVt·st (Azərbaycanda elektrik enerjisi istehsalının 90,4%-i), Naxçıvan MR-in enerji obyektləri üzrə 30,4 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 189 milyon kVt·st, “Azərişıq” ASC-nin külək stansiyası üzrə 6,87 milyon kVt·st təşkil edib.
Yanvar ayında elektrik enerjisinin ixracı 175,1 milyon kVt·st (artım 54,3%) təşkil edib. Həmçinin, İrana elektrik enerjisi ixracı 3,4 milyon kVt·st, Türkiyəyə - 12,7 milyon kVt·st, Rusiyaya – 7,2 milyon kVt·st, Gürcüstana – 151,8 milyon kVt·st təşkil edib.
Hesabat dövründə Azərbaycana elektrik enerjisi idxalı 11 milyon kVt·saatı ötüb (artım 19,6%). İdxalın strukturunda 3,3 milyon kVt·st İranın, 7,7 milyon kVt·st - Rusiyanın, 0,004 milyon kVt·st – Gürcüstanın payına düşüb. **
N.Abbasova