2021-ci ilin “Çin-Azərbaycan” ilk konteyner blok qatarı Bakıya çatıb. Bu barədə «ADY Container» MMC-dən (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi) məlumat verilir.
“Blok qatarı hər biri 40 futluq olan 50 konteynerdən ibarətdir. Qarışıq yüklərdən ibarət qatar Çinin Çinqdao şəhərindən Bakıya qədər olan məsafəni 15 günə qət edib. Blok qatarı Konteynerlər Qazaxıstanın Aktau limanından Ələt limanına operatoru “ADY Konteyner” olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılıb. Konteynerlərdən 15-i Tbilisiyə göndəriləcək”, - məlumatda deyilir.
Məlumata əsasən, 2021-ci ilin sonunadək “ADY Container” Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarını nəql olunmasını planlaşdırır.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express” (Qazaxıstan), “ADY Container” MMC və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişafına xidmət edir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Layihənin reallaşdırılmasına 2013-cü ildə başlanıb.
2019-cu ilin may ayında “ADY Сonteyner” (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə strukturu) və Çinin “XI`an Continental Bridge International Logistic" şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının ekspedisiyası haqqında saziş imzalanıb.
Saziş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində konteyner qatarlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə ekspedisiyasını nəzərdə tutur. **
N.Abbasova