2020-ci ildə Azərbaycan əhalisinin sayı 52,025 min nəfər və ya 0,5% artaraq 2021-ci il yanvarın 1-nə 10 milyon 119,133 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Ötən il ölkə üzrə 126,571 min doğulan körpə qeydə alınıb ki, bu da 2019-cu ilin göstəricisindən 10,3% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Qurumun məlumatında doğulan oğlan və qız uşaqlarının faiz nisbəti qeyd olunmayıb. Körpələrin 3,3 mini əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.
2020-ci ildə 75,647 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,6 təşkil edib. 2019-cu ildə bu göstərici 5,6 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 35,348 min nikah (2019-cu illə müqayisədə azalma 1,8 dəfə) və 14,628 min boşanma halı (azalma 14,7%) qeydə alınıb.
2020-ci ildə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1669 nəfər gələn və 568 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə