Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri zamanı bu ölkənin rəsmiləri ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
“Nəbiyevin Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşündə tərəflər kosmik və dəmir yolu texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını qiymətləndiriblər. Nazirlər, həmçinin Azərbaycan və Türkiyə arasında daşımaların dəyərinin aşağı salınması üçün dəmiryol nəqliyyatı sistemlərinə ağırlıq verilməsinin zəruriliyini qeyd ediblər və birgə gəmiqayırmanın təşkili imkanlarını müzakirə ediblər", - deyə "İnterfaks-Azərbaycan" agentliyi "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bundan başqa, görüşdə Bakıda Aviasiya, Kosmos və Texnologiya Festivalının (TEKNOFEST) təşkili, Azərbaycanda birgə texnoparkların açılması və Deneyap texnoloji emalatxanalarının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Nəbiyev Türkiyənin Rəqəmsal transformasiya ofisinin rəhbəri Əli Koç ilə də görüşüb. Görüşdə süni intellekt, hökumət buludu və böyük həcmli məlumatlar sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.
“Birgə layihələrin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsi və təcrübə mübadiləsinin aparılması barədə razılığa gəldik”, - deyə R.Nəbiyev Twitter hesabında yazıb.*
N.Abbasova