2020-ci ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $5,2 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2019-cu ilin göstəricisindən 13,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2020-ci ildə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $5.2 milyard ekvivalentində olub. Bunun $4,5 milyardını və ya 86,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
2020-ci ilin IV rübündə əməliyyatların həcmi $1 milyard təşkil edib ki, bunun da $0,8 milyardı ABŞ dolları ilə aparılmış əməliyyatların payına düşüb.
“Hesabat dövründə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2019-cu illə müqayisədə 6,7% azalaraq $25,9 milyard ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86.5%-i ABŞ dollarında, 13.5%-i isə digər valyutalarda aparılıb”, - deyə məlumatda qeyd olunur.
2020-ci ildə valyuta əməliyyatlarının 34,7%-i banklararası valyuta bazarında (BVB), 65,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.*
Ə.Məmmədov