Azərbaycan Mərkəzi Bankının (AMB) depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlərin qalığı 2021-ci il yanvarın 1-nə 950 milyon manat təşkil edir.
“İl ərzində Mərkəzi Bank 62 depozit hərracı və 46 not hərracı keçirib. Depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş vəsaitlərin qalığı 950 milyon manat təşkil edib”, - deyə AMB-nin 2020-ci ilə dair Pul siyasəti icmalında bildirilir.
2020-ci ilin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 300 milyon manat, notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 650 milyon manat təşkil edib.
“Koronavirus pandemiyasının makroiqtisadi sabitlik və valyuta bazarı üzərində yaratmış olduğu təhdidlərin yumşaldılması məqsədilə Mərkəzi Bank sterilizasiya alətlərinin müddətlərinə dəyişiklik edib. Belə ki, 28 günlük depozit hərracları əvəzinə yalnız 14 günlük depozit hərraclarının keçirilməsinə, uzunmüddətli not hərraclarının əvəzinə yalnız 28 günlük notların yerləşdirilməsinə başlanılıb. Hərracların 7-də uzunmüddətli, 39-da isə 28 günlük notlar yerləşdirilib”, - deyə AMB qeyd edir.
2021-ci il yanvarın 1-nə Mərkəzi Bankın depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlərin qalığı 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə dəyişməyib.*
Ə.Məmmədov