Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişi martın 1-dən qüvvəyə minəcək. Bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumunda çıxışı zamanı deyib.
"Lakin bizim üçün bu, hələ başlanğıc, ilk addımdır. Biz artıq Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi üzrə işlərə başlamışıq, nazir Cabbarovla birlikdə bu sənədin çərçivəsini daha da genişləndirməyə və onun azad ticarət haqqında sazişə çevrilməsinə çalışırıq. Bütün komandalarımız bu istiqamətdə işləməyə davam edirlər", - deyə o bildirib.
Nazir, həmçinin deyib ki, Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş layihəsini Türkiyə tərəfinə təqdim edib.
"Bizim Maliyyə və Xəzinədarlıq Nazirliyi bu məsələ üzərində işləyir", - deyə o bildirib.
Pekcan əlavə edib ki, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsini $15 milyarda çatdırmağı hədəfləyib.
"Bu məqsədə nail olmaq üçün iki ölkənin işgüzar dairələri bizimlə fəal işləməlidir", - deyə ticarət naziri hesab edir.
Onun sözlərinə görə, Türkiyə Azərbaycana ümumilikdə $12 milyard sərmayə yatırıb.
"İndiyədək Türkiyənin podratçı şirkətləri tərəfindən Azərbaycanda ümumi dəyəri $15 milyard olan 436 layihə həyata keçirilib. Azərbaycanın zəfəri bölgəmizin ticarət və logistik quruluşunu dəyişəcək yeni dönəmin başlanğıcı oldu. Bu yeni dövrdə biz əvvəlki kimi azərbaycanlı qardaşlarımızın yanında olacaq, əməkdaşlığı davam etdirəcəyik. Türkiyənin podratçı və konsaltinq şirkətləri Dağlıq Qarabağın bərpası çərçivəsində azərbaycanlı iş adamları ilə əməkdaşlıq etməyə və öz təcrübələrini bölüşməyə hazırdır", - deyə Pekcan qeyd edib.*
N.Abbasova