Avropa Komissiyası bu gün Dağlıq Qarabağda hərbi əməliyyatlardan zərər çəkənlərə 3 milyon avro məbləğində humanitar yardımın ayrılması barədə elan edib.
“Hərbi əməliyyatlar dayandırılsa da, bölgədə humanitar vəziyyət ağır olaraq qalır. Hazırda sərt qış və koronavirus pandemiyası vəziyyəti daha da kəskinləşdirir. Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ və onun ətrafında münaqişədən əziyyət çəkən əhaliyə dəstəyini artırır. Bu, ən çox ehtiyacı olanlara zəruri yardımı təmin etməyə kömək edəcək”, - deyə Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Yanez Lenarçiç bildirib.
Avropa Komissiyasının məlumatında qeyd olunur ki, hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabrından bəri Aİ bu münaqişədən təsirlənənlərə ümumilikdə 6,9 milyon avro humanitar yardım ayırıb.
Bu təcili yardım Aİ-nin humanitar tərəfdaşlarına münaqişənin təsirinə məruz qalan əhaliyə qida, sığınacaq, qış məhsulları və digər əsas ehtiyaclar, zəruri səhiyyə xidmətləri və psixoloji dəstək təmin etməyə imkan verəcək.*