2021-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $836 milyon 511,33 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 40,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $2 milyard 411 milyon 514,65 min (2020-ci ilin yanvar ayı ilə müqayisədə azalma 15,4% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $1 milyard 624 milyon 12,99 min (azalma 23,8%), idxalın həcmi $787 milyon 501,66 min (artım 9,2%) təşkil edib.
İxracın strukturunda əsas həcm (91,01%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 14,03% ərzaq məhsullarının, 0,83% tütün və tütün məhsullarının, 5,33% əczaçılıq məhsullarının, 0,95% gübrələrin, 3,34% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,05% odun və agac məhsullarının, 1,15% geyim və geyim aksessuarlarının, 7,11% qara metal və ondan hazırlanan məmulatların, 29,51% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,75% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,72% mebelin, 23,23% digər məhsulların payına düşüb.
Yanvar ayında xarici ticarət əməliyyatlarında 4,615 min özəl və dövlət müəssisəsi və 7,865 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 122 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar ayında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 44,49%-i), Türkiyə (9,04%), Rusiya (4,62%), Xorvatiya (3,81%), Çin (6,85%), Hindistan (6,72%), İspaniya (8,53%), Gürcüstan (7,12%) və İtaliya (44,49%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (14,62%), Türkiyə (14,52%), Çin (13,89%), ABŞ (5,7%), Almaniya (11,54%), Ukrayna (3,69%), İtaliya (2,72%), Böyük Britaniya (2,79%) və İranla (3,61%) həyata keçirib.**
N.Abbasova