2021-ci ilin yanvar ayında Azərbaycana $53 milyon 444,59 min ümumi məbləğdə 4,642 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin yanvar ayı ilə müqayisədə 21,4% azalıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $43 milyon 191,76 min dəyərində 4,238 min ədəd avtomobil (azalma 23,8%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $258,49 min dəyərində 2 ədəd elektrokar və $2 milyon 321,3 min dəyərində 459 min ədəd hibrid avtomobil gətirilib.
Yanvarda ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $5 milyon 723,62 min dəyərində 367 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 25,6%), o cümlədən $656,22 min dəyərində 6 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 66,6%) gətirilib.
Bundan başqa, hesabat ayında respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $3 milyon 872,96 min dəyərində 31 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 13,7%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov