2021-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 15 milyon 485,2 min ton yük daşınıb ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 12% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və onun yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiqi ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 75,8% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,2% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar ayında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 1 milyon 253,1 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,6% çoxdur.
Dəniz nəqliyyatı ilə 438,1 min ton (azalma 10%), avtomobil nəqliyyatı ilə 8 milyon 32,9 min ton (azalma 22,8%), hava nəqliyyatı ilə 44,3 min ton (artım 96%) müxtəlif yük daşınıb. Yanvar ayında daxili neft kəmərləri vasitəsilə 3 milyon 161,4 min ton neft (azalma 2,8%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*