2021-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 68 milyon 698,5 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 53,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 126,7 min nəfər (azalma 68,8%), dəniz nəqliyyatı ilə 1,3 min nəfər (azalma 27,8%), hava nəqliyyatı ilə 23 min nəfər (azalma 88,2%) daşınıb.
Yanvar ayında metro ilə sərnişin daşınmayıb (2020-ci ilin yanvar ayında metro ilə 19 milyon 578,8 min nəfər daşınıb).
Cari ilin yanvar ayında avtomobil nəqliyyatı vasitələri ilə 68 milyon 547,5 min sərnişin (azalma 46,6%), avtobuslarla 63 milyon 117,5 min sərnişin (azalma 49%), taksilərlə 5,43 milyon sərnişin (artım 16,1%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar martın ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb.
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Metropolitenin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Oktyabrın 19-dan 2021-ci il aprelin 1-dək metropolitenin fəaliyyəti yenidən dayandırılıb.*
B.Rüstəmbəyov