Fevralın 19-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib. Bu barədə ABA-nın məlumatında deyilir.
“Yığıncaqda ABA-ya üzv olmaq məqsədi ilə 1 bank – “Naxçıvanbank” ASC və 2 qeyri-bank – “Azərbaycan Kredit Bürosu” MMC-nin və “MilliKart” MMC-nin müraciətlərinə baxılıb. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu təşkilatlar ABA-nın üzvlərinin siyahısına daxil edilib. Beləliklə, hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olub”, - deyə məlumatda bildirilir.
İclasda ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabata, Audit Komitəsinin hesabatına baxılıb, 2021-ci il üzrə büdcə təsdiq edilib, eləcə də Bank Ombudsmanının son 3 il üçün fəaliyyətinə dair hesabatı dinlənilib.*
X.Nəsirzadə