Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, QSC-nin Müşahidə Şurasının tərkibinə sədr və iki üzv daxildir.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədovdur.
Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Xəyyam Məmmədovdur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edir.
İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 milyon ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni liman 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.*
N.Abbasova