“Azərbaycan Dəmir Yolları” (ADY) QSC yüklərin daşınması ilə bağlı təklifləri və ilkin marşrut sxemini Argentinaya təqdim edib.
Cəmiyyətdən verilən məlumata görə, ADY-nin sədri Cavid Qurbanov Argentinanın Azərbaycandakı səfiri Sergio Perez Gunella ilə görüşüb.
“Görüşdə Argentina mənşəli yüklərin daşınması ilə bağlı təkliflər və ilkin marşrut sxemi təqdim olunub. Qeyd olunub ki, həmin daşınmaların Argentinanın konteyner terminalları və limanlarından götürülərək Türkiyənin Mersin, Gürcüstanın Poti limanına çatdırılması, oradan dəmir yolu platforması üzərindən Azərbaycana və Rusiyaya, Ələt Limanı vasitəsilə Orta Asiya ölkələrinə nəqlinin həyata keçirilməsi mümkündür. Yüklərin eyni sxem əsasında Argentinaya daşınmasını da reallaşdırmaq olar”, - deyə məlumatda bildirilir.
2020-ci ildə Argentinadan ölkəmizə 3334 ton yük idxal edilib. Hər iki ölkə arasında tranzit yükdaşımaların həcmi 28 ton, ixracyönümlü yüklərin həcmi isə 37 min 411 ton olub.*
B.Rüstəmbəyov