Azərbaycan hökuməti qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər tütün məhsullarını aksiz dərəcəsi tətbiq ediləcək malların siyahısına daxil edib.
“İnterfaks-Azərbaycan”ın parlament müxbirinin məlumatına görə, bu, çərşənbə axşamı Milli Məclisin plenar iclasında üçüncü oxunuçda qəbul olunan Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Bundan başqa, Azərbaycanda istehsal edilən “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərə, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulların aksiz dərəcəsi tətbiq olunur.
Dəyişikliklərə əsasən, qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına 30 manat aksiz dərəcəsi tətbiq olunur.
Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulların 1 min ədədinə 12,9 manat aksiz dərəcəsi tətbiq edilir.
Həmçinin, dəyişikliklərdə nazik siqaretlərin 1 min ədədi üçün aksiz dərəcənin 31 manatdan 43 manata (artım 38,7%), tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri 1 min ədədi üçün aksiz dərəcənin 31 manatdan 35 manata (artım 12,9%), elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manatadək (artım 11 dəfə) artırılır. **
Ə.Məmmədov