AzerGold nadir, nəcib və əlvan metalların kompleks çıxarılması üçün Daşkəsən yatağı tullantılarının sənaye istifadəsi perspektivlərini qiymətləndirəcək.
www.etender.gov.az saytının məlumatına görə, bu məqsədlə AzerGold «Geoservice GGI» MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 49,85 min manatdır.
Xəbər verildiyi kimi, 2020-ci il avqust ayının 6-da prezident İlham Əliyev “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “AzerGold” QSC-yə ilkin olaraq 3 milyon manat ayrılır. Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə sözügedən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova