2021-ci ilin yanvar ayında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 2,5% - 766 min tonadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 753,3 min ton və ya 98,3% beynəlxalq tranzit yüklərin, 6,2% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2019-cu ilin yanvar ayının göstəricisi ilə müqayisədə 1,1% azalıb”, - Komitədən bildirilir.
Fevralın 1-nə Azərbaycanın limanlarında 19,7 min ton yük qalıb.
2020-ci ildə dəniz limanlarında 8 milyon 781,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bunun 8 milyon 186 min tonu və ya 93,2%-i beynəlxalq tranzit yüklərin, 7,8%-i yerli yüklərin payına düşüb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.**
N.Abbasova