2021-ci ilin yanvar ayında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 0,4% - 14 milyard 587,2 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 900,4 milyon manat (ilin əvvəlindən artım 0,8% - İF) və ya bütün kreditlərin 6,2%-ni təşkil edir (2020-ci ilin sonuna 6,1%).
2021-ci il fevralın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 789,4 milyon manat (artım 0,5%) və ya bütün kreditlərin 19,1%-i, özəl banklar tərəfindən 11 milyard 424,4 milyon manat (artım 0,4%) və ya bütün kreditlərin 78,3%-i həcmində kredit verilib. Qalan 373,4 milyon manat (dəyişməıyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
2021-ci il fevralın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 299,5 milyon manat (artım 0,9%) milli valyuta, 4 milyard 287,7 milyon manat (azalma 0,9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 29,4% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il fevralın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 607,3 milyon manat (bütün kreditlərin 17,9%-i) ticarət və xidmət sahələrinin, 771 milyon manat (5,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 573 milyon manat (3,9%) kənd təsərrüfatı və emal sahələrinin, 527,1 milyon manat (3,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 981,6 milyon manat (6,7%) sənaye və istehsal sektorunun, 832,2 milyon manat (5,7%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 781,7 milyon manat (46,5%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. İlin əvvəlindən bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 1,1% artıb.**
Ə.Məmmədov