Dağlıq Qarabağ münaqişəsinin başa çatması regionda sülhün bərqərar olmasına imkan yaratdı, bu sülh uzunmüddətli olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq. Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır”, - Əliyev çərşənbə axşamı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən bildirib.
Həmçinin, prezident qeyd edib ki, müharibə başa çatdıqdan sonra regionda yeni imkanlar və perspektivlər yaranıb, bütün qonşu ölkələr, həmçinin beynəlxalq təşkilatlar bu imkanlardan istifad edə bilər.
“Düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var”, -prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, növbəti mərhələ Qarabağın bərpası prosesidir. Qarabağın əksər şəhər və kəndləri Ermənistan silahlı qüvvələrinin əli ilə yer üzündən silinib.
“Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var”, - Əliyev əlavə edib. **
X.Nəsirzadə