Azərbaycan və Monqolustan Xarici İşlər Nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr zamanı Bakı və Ulan-Bator arasında münasiibətlərin cari vəziyyəti təhlil olunub.
Azərbaycan XİN-in məlumatına görə, bu gün Azərbaycan və Monqolustan Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələrdə Bakını xarici işlər nazirinin müavini Ramiz Həsənov, Ulan-Batoru - Monqolustanın xarici işlər nazirinin müavini Minxjin Batsumber təmsil ediblər.
Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib.
“Xalqlar arasında əlaqələrin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb”, - XİN qeyd edir. **
B.Rüstəmbəyov