Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, erməni əsirlərin Azərbaycandan qaytarılması məsələsi ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin ilə daimi əlaqədədir.
“Üçtərəfli bəyanatda (2020-ci il 9 noyabr tarixli Qarabağa dair - İF) hərbi əsirlərin dərhal dəyişdirilməsi haqqında bənd var. Prosesin dalana dirənməməsi üçün zəruri hər şey etmək lazımdır. Azərbaycan əsirlərin məsələsini ticarət alətinə çevirməyə çalışır. Lakin problemin həlli imkanı olduğu vaxta kimi biz gündəlik üzərində işləyirik və işləyəcəyik. Rusiya prezidenti ilə daimi əlaqədəyik, Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar var. Problemin həll olunmasına ümid və əminlik var, çünki hər dəqiqə vacibdir”, - Paşinyan Ermənistanın "1in.am" xəbər saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibədən sonra Dağlıq Qarabağda təhlükəsizliklə əlaqədar daxili və xarici çağırışlar meydana gəlib.
“Lakin biz əmin addımlarla bu problemlərin həllinə doğru irəliləyirik. Misal üçün, regionda kommunikasiyaların açılması ilə bağlı məsələlərin həlli bölgədə uzunmüddətli və stabil sülhə gətirəcək, Ermənistanın iqtisadi potensialını dəyişəcək. Rusiya, Gürcüstan, İran, Türkiyə, Azərbaycan və Ermənistan regionda kommunikasiyaların açılmasında maraqlı ölkələrdir. Hər bir ölkənin marağı ümumi və fərqli cəhətlərə malikdir. Abxaziya dəmir yolunun açılması barədə müzakirələr artıq aktivləşib. Və bu müsbətdir”, - Paşinyan qeyd edib.
O bəyan edib ki, Ermənistan ordu strukturunda islahatlar aparmalıdır, silahlanmanı modernləşdirməlidir. “Biz regionda vəziyyəti və bölgədə rolumuzu və əhəmiyyətimizi qiymətləndirməliyik”, - Paşinyan vurğulayıb. **