Çərşənbə axşamı Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu Ankarada danışıqlar aparıblar.
Görüş zamanı nazirlər 2020-ci ilin payızında Qarabağda 44 gün davam edən müharibədən sonra bölgədə yaranan yeni reallıqları müzakirə ediblər.
“Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb. Nazirlər bölgədə sülhün dayanıqlı olması üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyini vurğulayıblar”, - XİN-dən məlumat verilir.
Bayramov və Çavuşolu iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili proseduraların yekunlaşdığını qeyd ediblər. “Qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənəd qüvvəyə minəcək”, - nazirlikdən vurğulanır.
O cümlədən, nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər. **
R.Əhmədov