Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Mevlüt Çavuşoğlu və Rəşid Meredov mövcud infrastrukturun modernləşdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini ifadə ediblər.
Azərbaycan XİN-in məlumatına görə, bu fikir nazirlərin Ankarada baş tutmuş üçtərəfli görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda əks olunub.
Nazirlər birgə nəqliyyat layihələrinin reallaşdırılmasını müzakirə ediblər.
“Tərəflər nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. “Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd ediblər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğulayıblar”, - deyə bəyanatın mətnində bildirilir.
Nazirlər Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolunu vurğulayıblar və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqlarını alqışlayıblar.
XİN başçıları ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsini alqışlayıblar.*
X.Nəsirzadəa