2020-ci ildə Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ, Türk Şurası) üzv olan ölkələrlə ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 3,5 dəfə - $4,4 milyarda qədər artıb. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
Fevralın 24-də Azərbaycanın təşkilata sədrliyi çərçivəsində TDƏŞ-in energetika nazirlərinin videokonfrans formatında 1-ci görüşü keçirilib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq $4,4 milyarda çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9% təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına $13 milyard həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına $18,3 milyard sərmayə yatırıb”, - deyə nazir iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti (BTC) ilə Türkiyəyə 431 milyon tondan çox neft, qaz kəmərləri ilə 79 milyard kubmetr qaz nəql olunub.
"Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir", - deyə P.Şahbazov qeyd edib.
Nazir vurğulayıb ki, TDƏŞ-ə üzv olan ölkələrin şirkətlərinin azad olunmuş ərazilərin bərpasında, həmçinin Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində iştirakı əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkandır.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə Şurada müşahidəçi qismində iştirak edir.*
N.Abbasova