«Paga-Trans Lojistik» şirkəti «Azəralüminium» MMC-nin alüminium külçə, rulon və billet yükünün Gəncədən İstanbul şəhərinə (Asiya tərəf) daşınmasıüzrə elan etdiyi tenderin qalibi olub. Bu barədə “İnterfaks-Azərbaycan”a «Azəralüminium»dan məlumat verilib.
İmzalanan müqaviləyə əsasən, «Paga-Trans Lojistik» iki il ərzində analoji daşınma xidmətləri göstərəcək.
Müqavilənin dəyəri – 2 milyon 80 min manatdır.
«Azəralüminium» MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansındadır.
“Azəralüminium” MMC Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə boksit filizindən alüminium-oksid, ilkin alüminium külçə və s. istehsal edir. İllik istehsal gücü 50 min tondur. Müəssisənin məhsullarının 98%-i Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ-a ixrac edilir.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir. **
B.Rüstəmbəyov