Parlamentin profil komitəsi kiçik biznes üçün kreditlər üzrə zəmanətin böyük hissəsini Azərbaycan hökumətinin öz üzərinə götürməsi çərçivəsində təşəbbüsləri dəstəkləməyə hazırdır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bəyan edib.
“Bu gün kiçik biznesin maliyyəyə çıxış məsələsində müəyyən çətinlikləri var. Onlar üçün girov təqdim etmək çox çətindir. Hazırda İqtisadiyyat Nazirliyinin təklifləri əsasında hökumət iri biznesə 500 milyon manatdan yuxarı məbləğdə verilən kreditlərdə girov təminatının 60%-dən çoxunu hökumət özü həyata keçirməyə başlayıb. Gələcəkdə kiçik biznesə də eyni yanaşmanın tətbiq olunmasını təklif edərdim”, - Abbaszadə bu gün keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, həmin təminatın həyata keçirilməsinin 60-70%-i Azərbaycan İpoteka Kredit Zəmanət Fondu həyata keçirə bilər.
“Əgər bu məsələlərin həll edilməsi ilə bağlı qanunlarda dəyişiklik edilməsi barədə hər hansı təşəbbüslər olarsa, təmsil etdiyim komitə bu təşəbbüslərin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparmağa hazırdır”, - Abbaszadə əlavə edib. **
Ə.Məmmədov