İndiyədək Azərbaycanda 9,2 min şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib, 2021-ci ildə daha 3 minə yaxın ailəyə mənzil veriləcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu günə qədər 9,2 min şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək”, - Əliyev cümə axşamı Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində qeyd edib.
Dövlət başçısı qeyd edib ki, bu proqram Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra ediləcək.
“Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaq”, - prezident deyib.
Həmçinin, prezident məlumat verib ki, müharibə əlillərinə 7,2 minə yaxın minik avtomaşını verilib. **
B.Rüstəmbəyov