Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə” sərəncam imzalayıb.
Sərəncama əsasən, İşçi Qrupun rəhbəri Azərbaycanın energetika naziri Pərviz Şahbazov təyin olunub.
İşçi Qrupun üzvləri aşağıdakılardır: xarici işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti və geologiya və geofizika üzrə vitse-prezidenti.
2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Fevralın 22-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunuratifikasiya edib.
Azərbaycan yaxın zamanda Türkmənistanla “Dostluq” yatağının işlənilməsi üzrə son müqavilə imzalamağı ümid edir.
Öncə Türkmənistan tərəfi bəyan edib ki, Rusiyanın “LUKOYL” neft şirkəti yatağın mənimsənilməsində iştirak edəcək.
“Dostluq” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir.**
X.Nəsirzadə