Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Xocalı hadisələri Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycana dəymiş ziyan $170 milyondan artıq məbləğdə qiymətləndirilir.*
Ə.Məmmədov