Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Ermənistanda baş verən daxili proseslərə baxmayaraq, bu ölkə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlə bağlı öhdəliklərini yerinə yetirəcək.
"Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətləri ilə bağlı hər hansı şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda. Ancaq müharibədən sonra nəticələr dəyişməz olaraq qalır və 10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş icra edilir və tam icra edilməlidir", - deyə Əliyev bu gün xarici KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişin bəndlərinin böyük hissəsi artıq yerinə yetirilib. “Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq, bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək”, - deyə dövlət başçısı əlavə edib.
İ.Əliyev vurğulayıb ki, Ermənistan bu gün elə ağır vəziyyətdədir ki, yeni reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur. “Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq.30 il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir. Siz reallıqla barışın və çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variant seçin. Yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik. Və öz mövqeyimizdən bir addım belə geri atmırdıq. Və bunu açıq bəyan edirdim. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistan qarşısında indi bir neçə seçim var. Və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir”, - deyə prezident qeyd edib.*