Azərbaycan Rusiyadan “Sputnik V” və “AstraZeneca” peyvəndlərinin gəlməsini gözləyir, çünki bu peyvəndlərin göndərilməsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Bunu prezident İlham Əliyev deyib.
“Biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib”, – deyə dövlət başçısı bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan (yanvarın 18-də) ilk ölkədir.
“Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra. Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq”, - deyə prezident qeyd edib.
O əlavə edib ki, Azərbaycan vaksinasiya üçün bütün imkanlardan istifadə edəcək. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Ancaq peyvənd istehsalçıları Azərbaycana vaksinlərin göndərilməsi qrafikinə riayət etmirlər.
“Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik”, - deyə Əliyev vurğulayıb.*