Qarabağda 3 aeroportun inşa edilməsi planlaşdırılır. Bunu Prezident İlham Əliyev deyib.
"Füzulidə aeroportun tikintisi üzrə işlərə artıq başlanılıb. Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazım idi. Laçında və Zəngilanda aeroportların tikintisi ilə bağlı planlar var. Zəngilan çox mühüm logistika mərkəzinə çevriləcək", - deyə o, bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısı vurğulayıb ki, Füzulidəki aeroport beynəlxalq aeroport olacaq və onun 2021-ci ilin payızında istifadəyə verilməsi planlaşdırılır.
"Bu proses başa çatmağa yaxındır və aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Əlbəttə, aeroportun tikintisinin nə vaxt başa çatacağını qabacadan demək çətindir, çünki ərazilərin minalardan təmizlənməsi, bu əraziyə gediş-gəlişin mümkünlüyü ilə bağlı məsələlər çətinlik doğurur. Lakin biz ümid edirik ki, aeroport bu il istifadəyə veriləcək. İstəyirik ki, bu, payızın əvvəlində olsun. Əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, bizə həmin hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə etməyimizə imkan verəcək”, - deyə prezident qeyd edib.*