Ermənistan indiyə qədər minalanmış sahələrin xəritələrini Azərbaycana təqdim etməyib və bu, hərbi cinayətdir. Bunu Prezident İlham Əliyev deyib.
"Ermənistan indiyə qədər minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər", - deyə Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.
"Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhrum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər?”, - deyə İ.Əliyev əlavə edib.
Bununla yanaşı, o qeyd edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bölgəyə sızmış və Azərbaycanda olan 60-dan artıq erməni hərbçi təxribatçıdır və hərbi əsir sayılmır.
"Döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil. Biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə, aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu, belə deyilmiş. Bu, təxribat qrupudur. Nəticədə bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs həlak olub", - deyə Əliyev bildirib.
“Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir. Biz müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Vəziyyət tamamilə nəzarətimiz altındadır”, - deyə İ.Əliyev əlavə edib.*