Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan tərəfi Qarabağ müharibəsində Ermənistan tərəfinin “İsgəndər” raketlərindən istifadə etməsini qeydə almayıb.
“Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə Rusiya tərəfindən müəyyən şərhlər verilib. Raketin 10% partlaması üçün çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ancaq dünənki bəyanatdan sonra biz bir daha maraqlandıq, amma yox, biz bunu görməmişik”, - deyə dövlət başçısı bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır, “İsgəndər” raketi atılıb və 10% partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir”.
İ.Əliyev əlavə edib ki, 2020-ci ilin payızında Qarabağda döyüşlər zamanı Ermənistan Azərbaycan şəhərlərinin yaşayış məntəqələrinə zərbələr endirmək üçün məqsədyönlü şəkildə raket komplekslərindən istifadə edib. "Mən Prezident Putinlə söhbət zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırdım. Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik", - deyə Azərbaycan Prezidenti bildirib.*