Azərbaycan, Türkiyə, Rusiya və İran liderlərinin regionun gələcək inkişafı ilə bağlı mövqeləri üst-üstə düşür, Ermənistan isə hələ ki, sözdə həmrəylik ifadə edir. Bunu Prezident İlham Əliyev deyib.
"Regionun müharibədən sonrakı gələcək inkişafını çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bunun üçün unikal imkanlar yaranıb, çünki bir daha qeyd etmək istəyirəm ki, biz və bir çox tərəfdarlarımız hesab edir ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur", - deyə İ.Əliyev bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Zəngəzur dəhlizi” yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
"Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya və İran rəhbərliyi ilə keçirilən görüşlər və aparılan danışıqlar bu məsələ ilə bağlı mövqeyimizin eyni olduğunu deməyə əsas verir. Biz əməkdaşlıq, qarşılıqlı ticarətin inkişafı, kommunikasiyaların və yeni dəhlizlərin açılması üçün bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik", - deyə dövlət başçısı vurğulayıb.
O deyib ki, hər şey qarşılıqlı etimad əsasında və bütün ölkələrin maraqları nəzərə alınmaqla qurulmalıdır.
“Ermənistan sözdə bu mövqedədir, müzakirələr zamanı isə bəzi fikirlər ortaya atır ki, onlar qəbul edilən deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Əks təqdirdə, Ermənistan 90-cı illərdə olduğu kimi, yenə də bu tarixi şansı itirəcək. Onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç nə bizi dayandıra bilməz”, - deyə İ.Əliyev qeyd edib.*