Azərbaycan Türk Ordusunun kiçik modelini yaradacaq. Bunu Prezident İlham Əliyev deyib.
"Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız davam etdiriləcək. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq fikrindəyik. Artıq bu istiqamətdə praktiki işlər həyata keçirilir", - deyə İ.Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Prezident vurğulayıb ki, 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu misilsiz təcrübə qazanıb.
"Müharibə zamanı biz təcrübə topladıq və bundan düzgün nəticələr çıxarmalıyıq. Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Əlbəttə, əgər Azərbaycan üçün hər hansı bir təhlükə yaranarsa, əminəm ki, Türkiyə bizə kömək edəcək", - deyə o əlavə edib.*
B.Rüstəmbəyov