Prezident İlham Əliyev GUAM formatında çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsini zəruri hesab edir.
"Bu gün bizim o cümlədən də nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün bir çox imkanlarımız var. Ancaq bu imkanlardan GUAM formatında istifadə edilirmi? Xeyr. Yalnız ikitərəfli və ya ən yaxşı halda üçtərəfli formatda, daha sonra isə konstruktor kimi hissələri birləşdiririk. Lakin imkanlardan sistemli şəkildə istifadə etsək, qarşımızda Xəzər və Qara dəniz regionu üçün nəqliyyat-logistika perspektivləri açılacaq", - deyə Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Prezident əlavə edib ki, təşkilatdan həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə daha çox planlaşdırma görmək istərdi.
Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, təşkilatın fəaliyyəti çox vaxt Ukraynanın mövqeyindən asılı olub. "Ukrayna təşkilatda ən böyük potensiala malik olan ən iri dövlətdir. Və GUAM-ın fəaliyyəti də Ukraynanın mövqeyindən asılı idi. ( ... ). Ukraynada təşkilata maraq azalanda, GUAM-ın da fəaliyyəti zəifləyirdi və əksinə", - deyə İ.Əliyev qeyd edib.
Onun fikrincə, GUAM-a üzv olan ölkələrdə hökumətlərin tez-tez dəyişməsi də təşkilatın fəallığına və ya qeyri-fəallığına təsir göstərib.
İ.Əliyev bildirib ki, rəsmi Bakı GUAM-a üzv olan bütün ölkələrin - Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü tanıyır.*
X.Nəsirzadə