SOCAR və Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli neft şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində “Satti” özüqalxan üzən qazma qurğusundan istifadə edilməsi haqqında saziş imzalayıblar. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə "Samruk-Kazına" Dövlət Fondunun mətbuat xidməti məlumat yayıb.
""KMG Drilling&Services" və "Caspian Drilling Company” SOCAR və BP şirkətlərinin birgə kəşfiyyat işləri apardığı Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qazma qurğusu ilə quyuların qazılması haqqında müqavilə imzalayıb”, - deyə məlumatda bildirilir.
“Satti” qazma qurğusu “British Petroleum Absheron Limited” şirkətinin operatoru olduğu Xəzər dənizinin Azərbaycan sektorundakı "Dayazsulu Abşeron" (Shallow Water Absheron Peninsula, SWAP) layihəsində istifadə ediləcək.
Xəbər verildiyi kimi, 2019-cu il fevral ayının 16-da “KazMunayQaz” “Satti” özüqalxan üzən qazma qurğusunun SOCAR-a etibarlı idarəetməyə verilməsinə dair razılığa gəlib. Razılaşmaya əsasən, qazma qurğusu Xəzərin Azərbaycan sektorunda kəşfiyyat quyularının qazılmasında istifadə ediləcək.*
N.Abbasova