Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT İnkişaf Proqramı (BMTİP) ilə birgə Azərbaycanın iqlim dəyişikliyinə dayanıqlığının artırılması üzrə üçillik layihəyə başlayıb.
"Üçillik layihə Azərbaycan hökumətini üç prioritet sektorda (su təsərrüfatı, kənd təsərrüfatı və sahilyanı rayonların iqlim dəyişikliyinə adaptasiyası) dəstəkləyəcək", - deyə BMTİP-nin məlumatında bildirilir.
Məlumata görə, layihə məlumatların toplanması və yayılması üçün yeni vasitələr və üsullar, eləcə də qərar qəbul edən şəxslər, texniki heyət və yerli icmalar üçün tanışlıq xarakterli və təlim kursları təklif etməklə, institusional, texniki və maliyyə potensialının yaradılmasını dəstəkləyəcək.
BMTİP-nin daimi nümayəndəsi Alessandro Frakassettinin qeyd etdiyi kimi, bu strateji layihə Azərbaycanın daha həssas icmalarına iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməyə kömək edəcək. Layihə insanların iqlim dəyişikliyinə dayanıqlı təsərrüfatlar yaratmasına imkan verəcək.
Bundan başqa, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP Xocasən gölü ətrafında yaşıllıqların suvarılması və yerli əhali üçün içməli su ehtiyatlarının qorunması üçün damcı suvarma sisteminin quraşdırılmasını başa çatdırır.*
X.Nəsirzadə