Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkəti arasında “Azərlotereya” ASC-nin “YMT Sans B.V.” şirkətinə (“Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti) idarəetməyə verilməsi haqqında müqavilə imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Facebook səhifəsində yazıb.
“Yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq”, - deyə o qeyd edib.
“Azərlotereya” ASC Azərbaycan Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanı ilə yaradılıb. Təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 16-da ““Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsi haqqında” sərəncam imzalayıb.*
Ə.Məmmədov