Azərbaycan, Rusiya və Ermənistanın səlahiyyətli orqanları regionda daşımaların həyata keçirilməsi və onlara müvafiq nəzarətin təmin edilməsi məsələləri üzrə MDB çərçivəsində və üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarizasiyasını aparacaqlar.
RF baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, müvafiq qurumlara bu tövsiyə hər üç ölkənin baş nazir müavinlərinin sədrliyi ilə Moskvada başa çatmış üçtərəfli işçi qrupun üçüncü iclasının gedişində razılaşdırılıb.
Overçukun sözlərinə görə, tərəflər dəmir yolu, avtomobil yolu və əlaqələndirilmiş daşımalar üzrə ekspert alt qruplarının hesabatlarını, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri də daxil olmaqla, daşımaların təmin edilməsi məsələlərini müzakirə ediblər.
“Tərəflərin səlahiyyətli orqanlarına yuxarıda qeyd olunan daşımaların həyata keçirilməsi məsələləri üzrə MDB çərçivəsində və üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarizasiyasını aparmaq tövsiyə olunub”, - deyə o bildirib.
Tərəflər işçi qrupun növbəti iclasının martın 1-də videokonfrans formatında keçirilməsi ilə bağlı razılığa gəliblər.*