Martın 1-də Yerevanın mərkəzindəki Respublika meydanında keçirilməsi nəzərdə tutulan mitinq xalqın ölkədə “xalq hakimiyyətini” müdafiə etməyə hazır olduğunu təsdiq etməsinə xidmət edir. Bunu respublikanın baş naziri Nikol Paşinyan deyib.
“Sabah saat 18:30-da Respublika meydanında mitinq keçiriləcək. Biz bu mitinqlə xalqımızın Ermənistanda demokratiya, konstitusiya quruluşunu və xalq hakimiyyətini müdafiə etməyə hazır olduğunu təsdiq etməliyik. Söhbət mənim hakimiyyətimin müdafiəsindən yox, xalqın hakimiyyətindən gedir, çünki ölkəmizdə hakimiyyət xalqa məxsusdur”, - deyə Paşinyan Facebook səhifəsində canlı efirdə bildirib.
Onun sözlərinə görə, Ermənistanda vətəndaş qarşıdurması mümkün deyil.
"Vətəndaş qarşıdurması ola bilməz və biz sabah mitinqimizlə məhz bunu göstərəcəyik. Ermənistanda bizim düşmənimiz yoxdur və ola bilməz, siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, onların hamısı bizim bacı və qardaşlarımızdır”, - deyə baş nazir qeyd edib.*