SOCAR 2021-ci ilin fevral ayında Bakı-Novorossiysk neft kəməri ilə 85 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin ixracı fevralın ikinci yarısında bərpa olunub. Fevral ayında planlaşdırılan həcmdə, yəni 85 min ton neft nəql olunub. Bu partiya dünən tankerə yüklənib", - deyə İ.Əhmədov bildirib.
Onun sözlərinə görə, mart ayı üçün şimal marşrutu ilə neft ixracı da 85 min ton həcmində nəzərdə tutulub.
2021-ci ilin yanvar ayında Azərbaycandan Novorossiysk istiqamətində xam neftin nəqli həyata keçirilməyib, SOCAR tərəfindən bütün həcmlər Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub.
SOCAR fevralın 15-dən Bakı-Novorossiysk kəməri ilə neft ixracını bərpa edib.
“Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin yanvarın 20-də bildirib ki, SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb.
“Yanacaq-Energetika Kompleksi Mərkəzi Dispetçer İdarəsi” Federal Dövlət Büdcə Müəssisəsinin məlumatına görə, SOCAR 2020-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 613,29 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri ilə öz neftini nəql edir.*
N.Abbasova